Bölüm anahatları
-
2. Hafta Latin harfli Azerbaycan Türkçesinde metnin okunması
ve açıklanması
Metin:
16 il əvvəl ümumtürk tarixində fövqəladə bir hadisə baş verdi. Sovet imperiyasının çökməsindən sonra müstəqil türk dövlətlərinin sayı yeddiyə çatdı. Zaman vardı türk dünyasını dünya siyasətində uzun onillər boyu yalnız Türkiyə təmsil edirdi. Sonra Quzey Kıbrıs bağımsız oldu.
Bu 16 ildə Türk dünyasının bütövləşməsi yönündə bəlli bir məsafə qət edildi. Türkiyə ilə Azərbaycan Respublikası arasındakı ilişgilər 1991-dən bu yana heyranlıq dövrünü yaşadı. Bir neçə dəfə türk zirvə toplantısı oldu.Bir neçə dəfə Türk qurultayı toplaşdı. Bakı-Tiflis-Ceyhan projesi gerçəkləşdi, Bakı-Tiflis-Ərzrum gerçəkləşməkdədir, Bakı-Tiflis-Kars mütləq gerçəkləşəcək.Qazaxıstan neftinin Bakı-Ceyhana qoşulması ehtimalı da çox böyükdür.Türkmənistandan Azərbaycana Transxəzər qaz xətti də fantaziya deyil. Hərbi əməkdaşlıq baxımından da bəzı işlər görülmüş, neft sahəsi xaricində iqtisadi əlaqələr qurulmuş, məktəblər açılmışdır.
Amma bu qədər. Aşağı-yuxarı 100 il öncə ümumtürk birliyi idealını irəli sürmüş büyük fikir babalarımızın bu durumdan, iki qardaş ölkə arasındakı ilişgilərdən razı qalardılarmı?
Azerbaycan Respublikasının itxalat və ixracatında Türkiyə 2005-ci ıldə dördüncü yerdədir: %7.4 ve 6.3. Türkiyənin xalq arasında reytingi ildən-ilə qalxıb düşür. Mədəni əlaqələr dayanıqlı deyil, müəssisələşməmiş qalıb. Türkiyə model dövlət imicini itirib.
Başlıca səbəbləri, mənim fikrimcə, budur:
Türkiyənin Azərbaycan siyasəti yalnız iqtidara yönelik siyasət oldu, xalqa enilmədi. Türkiyə demokratik dövlət özelliyindən istifadə edib, toplumla, xüsusilə milli ve demokratik gücü təmsil edən müxalifətlə dayanıqlı ve effektiv əlaqələr qura bilmədi. QHT-lər arasında əlaqələr sıfır səviyyəsindədir. Azərbaycan vətənsevərlərinin, milliyyətçi kəsimin isteyi bu idi ki, keçən bu zaman içində əlaqələr o qədər gəlişsin, o qədər toplumlar arasında yaxın əlaqələr yaransın ki, onun gələcəyi artıq iqtidarlardan asılı olmasın. Çox təəssüf, bunu demək çətindir.
Deyildiyi kimi, bir neçə dəfə Türk dövlətləri liderlərinin kültürəl məsələlərlə bağlı sammitləri keçirildi. Son illərdə bu sammitlər də unudulub. 15 ildir “Türksoy” adlanan qurum yaranıb. Amma bu qurum diqqətədəyər heç bir iş görməyib. Türk Dövlətləri Parlamentarları Birliyi düşüncəsi gözəl arzu olarak qalır. Türk dünyası kültür festivalları, idman yarışları da onun kimi. Universitetlər arasında, elm adamları arasında ilişgilər yoxdur, ya da müəssisələşməmişdir. Umumtürk inteqrasiyası məsələsi ilə bağlı İnternet üzərindən bir düşüncə platformu belə yoxdur. Ortaq terminlər projesi unudulmuş. Bir sözle, heyranlıq dövrü keçdi, bu yöndə potensial gerçəkləşmədiyindən indi pərişanlıq dövrünü yaşamaqdayıq.
Burada çox böyük əhəmiyyəti olan bir neçə məsələyə diqqəti çəkmək istərdim. Birincisi, tarixi birlik şüurudur. Daha doğrusu, qədim tarix, prof. Süleyman Əliyarlının təbirincə desək, etnik törəyiş problemidir. Azərbaycan və digər əski sovet respublikalarında milli tarix yerli coğrafiyalarda yaranmış hansısa qədim dövlət qurumları ilə bağlanır. Yəni, primordial deyilən yanlış konseptual yanaşma hakimdir bizim tarix elmində. Odur ki, Mete, Atilla kimi qəhrəmanlar, qədim türk tarixi yerli tarixlərin xaricində qalır, nəticədə bir kökdən törəmə şüuru yaranmır, ümumtürk birliyi şüuru naqis qalır.
İkincisi, mövcud hakimiyyətlərin başında duranlar əski Homo sovetikus olduğundan inteqrasiya məsələsinə gərəyincə önəm vermirlər. Məsələn, Azərbaycan milli ordusunun qurulmasında türkiyəli hərbi mütəxəssislərin müsbət rolu məlumdur.Bəzi müşahidələrə görə, türkiyəli müşavirlər olan hərbi hissələrdə ya rüşvət yoxdur, ya da o birilərinə nisbətən çox azdır. Elə isə olmazmı, hərbi qərargah rəisi, ya müdafiə naziri Türk Silahlı Qüvvələrində yetişmiş bir Azərbaycan kökənli general olsun? Deyirlər bəs Azərbaycanın müstəqilliyi nə olsun, bəs xaricdə bizə nə deyərlər? Nə deyirlər desinlər, mənim üçün, Azərbaycan vətəndaşı üçün ordunun durumu, ordan korrupsiyanın yığışması, nəhayət, Qarabağ probleminin çözülməsi hansısa xarici və daxili jurnalistin atmacasından daha önəmlidir. Bir də aşağılıq kompleksindən çıxıb, ətrafımıza baxmalıyıq. Niyə Ermənistanın xarici işlər naziri ABŞ pasportu, Gürcüstanınkı isə Fransa pasportu daşıya bilirdi, amma Azərbaycanda xidmət edəcək Azərbaycan kökənli general Türkiyə pasportu daşıya bilməz? İnteqrasiyanın böyük potensialını göstərə biləcək başqa bir sahə. Son illərdə Azərbaycan, Qazaxıstan və Türkmənistanda neft və qazın satışından əldə edilmiş milyardlarda dollara bərabər vəsait artıqlığı əmələ gəlib. Yaxın illərdə bunun miqdarı daha da artacaq. Bu vəsaitləri ixtisaslaşmış xüsusi bir bankda (deyək ki, Ümumtürk bankı, ya Dədə Qorqud bankında) cəmləşdirib, Türk dövlətlərində investisiya işinə cəlb etmək olmazmı? Əlbəttə, olar və lazımdır.
Daha böyük çətinliklər Güney Azərbaycan məsələsində qalmaqdadır. Güney Azərbaycan Türk dünyasının maraqları baxımından çox önemlidir. Çünki Türk dünyasının torpak bütünlüyünün yaranması yalnız Güney üzərindən ola bilər. Daha doğrusu, İgdır-Xoy etnik koridoru üzerinden yarana bilər. Son 15-20 ildə bu koridor çox sürətlə kürdləşdirilir. Bir neçə ay əvvəl İrandakı soydaşlarımız bu prosesə müqavimət göstərmək məqsədilə bir komitə qurdular.
Burada bir haşiyə çıxmağa da ehtiyac var. 1990-cı illərin başlarından etibarən Ahısqa Türkləri Türkiyəyə köçməyə başladılar. Bilirsinizmi onları toplum olarak haraya yerləşdirdilər? Bursaya! Halbuki onların yerləşmə məkanı milli maraqlar baxımından İgdır olmalı idi.
Məncə, Türkiyədə bəzi siyasətçilər və siyasətşünaslar “Yurdda sülh, cahanda sülh!” düsturunu doğru-dürüst təqdim etmirlər. Bölgədə bizim iradəmizin xaricində bir böhran yaşanır. Her yönü ilə ona hazır olmamız lazımdır. Bunu İraqda baş verənlər də göstərdi. İllərlə “biz İraqın toprak bütünlüyündən yanayıq” deyib, İraq Türklərini gözardı etdilər. Xatırlayıram, 1990-cı illərin başlarında İraq Türkman Dərnəyinin başçıları şikayətlənirdilər ki, Londonda deyə bildiklərimizi bu Ankarada söyləyə bilmirik. Burada bizim ağzımızı qapadırlar. İndi İraq Türklərinin faciəsinə tamaşaçı qalmışıq. O zaman da deyirdilər: İraq Türklərini dəstəkləsək, kürd məsələsi ortaya çıxacaq. Bölgədə gedən prosesi yaxşıca dərk etməyib, ona uyğun önləyici tədbirlərin alınmaması İraq Türklərini çətin vəziyyətə saldı.Qonşu dövlətlərin torpak bütünlüyündən yana olmak, bu Türk topluluqlarını qüvvətləndirməyə zidd deyildir.
Söylədiklərim demək istədiklərimin yalnız bir qismidir. Bu örnəklər belə göstərir ki, Türk inteqrasiyası məsələsində durum qaneedici deyil.
Yekun olarak. Azərbaycan, Türkiyə və hər bir Türk dövlət və topluluğunun umumtürk birliyinə ehtiyacı var. Bu dövlət və topluluqlar bir olsalar, milli məsələlələrimizin çözülməsi üçün həssas və müsbət bir amil eldə etmiş olarıq. Bu Kıbrıs, Qarabağ, PKK, digər məsələlərə münasibətdə də doğrudur. Qəti inanıram, yeddi bağımsız Türk dövlətinin hər hansı şəkildə bir yerdə olması görüntüsü halında belə Avropa Birliyi Türkiyəyə indiki kimi yanaşmazdı.Türk dünyasında inteqrasiya səviyyəsi yüksək olsaydı, PKK deyilən bu terror təşkilatı belə meydan sulamazdı.
Sovet dönəmində Türk dünyasında olumsuz işlər oldu. Ümumtürk ədəbi dilini yerli dillər əvəz etdi, yeni kimlikler yarandı. Bu, iradəmiz xaricində başımıza gəldi. Dözmək zorunda qaldıq. Zaman dəyişmiş, bağımsız yeddi dövlətə sahibik, bir neçə türk topluluğu da öz iradəsini göstərməkdədir. Bu zamanı yaxşıca dəyərləndirib, ondan türk dünyasının bütünlüşməsi üçün istifadə etmək məcburiyyətindəyik. Bundan artıq vaxt itirməyə haqqımız yoxdur!
